CƏMİYYƏT
Xaçmaz-Xudat-Nabran yolunda qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə reydlər keçirilib
Bakı, 19 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirləri çərçivəsində Xaçmaz-Xudat-Nabran yolunun kənarında qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirib. Reydlərdə Xaçmaz Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəraitdə heyvanların kəsilməsi və satılması müşahidə edilib. Bununla əlaqədar olaraq, heyvanların kəsildikdən sonra asılması üçün istifadə olunan və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan dirəklər və qarmaqlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən ləğv edilib.
Qida Təhlükəsizliyi Agentliyi bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.