REGİONLAR
Xaçmaz: fındığın məhsuldarlığı ikiqat artıb VİDEO
Xaçmaz, 29 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə iki dəfədən çoxdur. Məhsulun bol olması təsərrüfatçıların bu il daha çox gəlir əldə edəcəyini deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, xaçmazlı təsərrüfatçılar fındıq bağlarında məhsul yığımına iyulun 20-dən sonra başlayacaqlar. Rayonda fındıq yığımı avqustun sonunadək davam edir.
Rayonun Müzəffəroba kəndindən olan fermer Vasif Həsənovun 0,3 hektar ərazidə fındıq bağı var. Təsərrüfatçı bildirir ki, 60-a yaxın ağacın olduğu fındıq bağından hər il təxminən 1500-2000 manat gəlir götürür. Bu il qiymətlər münasib olarsa, gəlirin məbləği iki dəfəyədək artacaq.
Təsərrüfatçılar bildirir ki, fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Məsələn şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən çox dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur. Fermerlərin sözlərinə görə, tam formalaşmış hər bir fındıq ağacından 7-8 kiloqram məhsul yığılır.
Təsərrüfatçı Əlövsət Bilalov deyir ki, məhsuldarlığın ikiqat artmasında təbii amillərlə yanaşı, bağlara düzgün aqrotexniki qulluq göstərilməsinin də böyük rolu var.
Fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Xaçmazlı təsərrüfatçılar ötən il rayon ərazisindəki 5 min hektara yaxın fındıq bağından 4 min ton məhsul əldə ediblər.
Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.