REGİONLAR
Xaçmaz məktəbliləri “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinin qalibi olub VİDEO
Xaçmaz, 24 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin yerli qurumlarının dəstəyi ilə keçirilən yarışda Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran məktəblərinin komandaları mübarizə aparıb.
Tədbirin açılışında bildirilib ki, yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə fərdi və ictimai təhlükəsizliyin təmin edilməsində məsuliyyətin, hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunur.
Yarış iştirakçıları kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, axtarış xilasetmə işi, gənc ekspertlər və komandaların təqdimatı adlı mərhələlərdə güclərini sınayıb. Gərgin mübarizə şəraitində keçən yarışların yekununda Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı məktəbin komandası birinci yeri qazanıb. Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı məktəbin komandası ikinci, Quba rayon Qaraçay kənd tam orta məktəbin şagirdləri isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar kubok və hədiyyələrlə mükafatlandırılıb. Yarışın qalibləri “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıblar.