REGİONLAR
Xaçmaz polisi karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq edib
Xaçmaz, 28 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda polis əməkdaşları karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanlarla profilaktik söhbətlər aparılır, onların çölə çıxmamaları barədə tövsiyələr verilərək, yaşadıqları ünvanlara qaytarılması təmin olunur.
Həmçinin polis əməkdaşları tərəfindən xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalarla bağlı əhaliyə məlumat verilir.
Bu tədbirlərlə yanaşı, xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.