REGİONLAR
Xaçmaz rayonunda “Yalama Aqropark”ın tikintisi sürətlə davam edir VİDEO
Xaçmaz, 4 iyun, Elxan Yusifli, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Xaçmaz və ətraf rayonlardan olan 78 sahibkara 923 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük, quşçuluq sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 120-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Kreditlər sahibkarlara Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində təqdim olunub.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, onlara Xaçmaz və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib. Forumda sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
Yetmişə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, bağçılıq təsərrüfatlarının, çörək, pendir istehsalı və ət kəsimi müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı da keçirilib. Forumda bildirilib ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev jurnalistlərə müsahibəsində deyib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 2 min 568 sahibkara 86,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1954 investisiya layihəsinin maliyyələşdirilməsinə 135,3 milyon manat güzəştli kredit verilib. Burada digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 min 300-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Forum çərçivəsində Xaçmaz rayonunun Yalama qəsəbəsində dövlətin güzəştli krediti hesabına yaradılan “Yalama Aqropark”ın təşkili işlərinə baxış keçirilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, respublikada aqroparkların yaradılması davam etdirilir. Dövlətimizin başçısı tərəfindən ötən il Şəmkir rayonunda “Şəmkir Aqropark”ın təməli qoyulub və hazırda tikintisi davam edir. Növbəti aqroparkın isə Xaçmaz rayonunda yaradılmasına başlanılıb. Yalama qəsəbəsində 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur. Aqroparkda 385 hektar ərazidə ABŞ istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Bununla yanaşı, 335 hektar sahədə yazlıq qarğıdalı səpini həyata keçirilib.
Buradakı təsərrüfatın fasiləsiz su ilə təminatı üçün 3,2 kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min kubmetr olan su hovuzu tikilib. Bu, təsərrüfatın suya olan tələbatını ödəməklə yanaşı, ətraf kəndlərin də suvarma suyuna olan ehtiyacının ödənilməsində mühüm rol oynayacaq.
Hazırda ərazidə saatda 5 ton yem istehsal edən zavod tikilir. Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiqi ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin, süd emalı, istixana kompleksi və intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq.
Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 20 milyon manata yaxın güzəştli kredit verilib. Aqroparkların yaradılmasında əsas məqsəd yüksək məhsuldarlığa nail olunması, ixracın coğrafiyasının genişləndirilməsi, həcminin artırılması, milli brendlərin formalaşdırılması, intensiv metodların tətbiqi, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.