REGİONLAR


Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək

Bakı, 12 may, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq mayın 14-də Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçiriləcək. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçıları öz məhsullarını nümayiş etdirməklə, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi, həmçinin yaz tarla işlərinin başlanması ilə bağlı fermerlərdə ruh yüksəkliyi yaratmaqdır.

Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi festivala qatılmaq istəyən yerli və xarici şirkətləri, sahibkarları, media nümayəndələrini, eləcə də qonaq qismində hər bir kəsi dəvət edir. İştirakçıların rahatlığını təmin etmək məqsədilə Bakı şəhərindən və müxtəlif bölgələrdən festivalda iştirak edən vətəndaşlar üçün ödənişsiz şəkildə nəqliyyat vasitələri təşkil olunacaq və xüsusi endirimli hotellərlə təmin ediləcəklər.

Tədbirdə, həmçinin qonaqlar üçün əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, ödənişsiz kulinariya nümunələri təqdim ediləcək, yeni növ “Bahar” çörəyinin təqdimatı, paytaxt və Xaçmaz brendləri ilə tanışlıq, müxtəlif təamlar nümayiş olunacaq, bir sıra mədəni–etnoqrafik tədbirlər keçiriləcək.

Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (“Baharı çəkirəm” yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi, “Bahar 22” müsabiqəsi, “Nərd” çempionatı) keçiriləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.