REGİONLAR
Xaçmaz rayonunda daha 122 abonent ilk dəfə təbii qazdan istifadə etmək imkanı qazanıb VİDEO
Xaçmaz, 21 avqust, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Ağaşirinoba kəndinin qazlaşdırılması işi yekunlaşıb və 122 abonentə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, avqustun 21-də kəndə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə, rayon icra hakimiyyətinin, “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar və kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son altı ayda rayonun Qaraçaycek, Gödəkli və Aşağı Zeyid, Manafoba, Qalağan kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb. Hazırda 10-a yaxın yaşayış məntəqəsinin təbii qazla təmin edilməsi üçün işlər aparılır.
Diqqətə çatdırılıb ki, Ağaşirinoba kəndinin “mavi yanacaq”la təmin edilməsi üçün birpilləli sistem əsasında daşıyıcı xətt, kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması zamanı ümumilikdə 1633 metr polietilen və 6798 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.