REGİONLAR
Xaçmaz rayonunda fındıq bağlarının sahəsi 10 min hektara çatdırılacaq VİDEO
Xaçmaz, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda bu il fındıq bağlarının ümumi sahəsi 10 min hektara çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son 3 ildə rayonda fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 9 min 100 hektarı keçib. Bu bağların 6 min hektarı barverəndir. Rayonun fındıq bağlarından 2018-ci ildə 6 min 500 tondan çox məhsul əldə olunub.
Ötən ilin payız mövsümündə rayonda 700 hektara yaxın fındıq bağı salınıb. Təsərrüfatçılar əkin prosesini davam etdirirlər. Yeni salınan bağlarda əsasən yerli sort tinglər əkilir. Bu bağlar 4-5 ildən sonra məhsul verməyə başlayacaq.
Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, fındıq istehsalı rayon iqtisadiyyatında mühüm rol oynayır. “Ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə sövq edir. Fındığın satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir. Fermerlər dövlətin onlara ayırdığı güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə artıb”, - deyə Qabil Ağabalayev bildirib.
Xaçmazla yanaşı Quba, Qusar, Şabran rayonlarında da yeni fındıq bağlarının salınmasına böyük maraq var. Son üç ildə şimal bölgəsinin rayonlarında 10 min hektardan çox yeni fındıq bağları salınıb. Hazırda bu rayonlarda 20 min hektara yaxın fındıq bağı var.