REGİONLAR
Xaçmaz rayonunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 65-ə çatıb VİDEO
Xaçmaz, 28 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 65-ə çatıb. “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Qalağan kəndinin qazlaşdırılması başa çatdırılaraq 165 abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, iyulun 28-də Qalağan kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, Qalağan kəndinin qazlaşdırılması üçün ümumilikdə 4 min 240 metr polietilen və 15 min 167 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Bununla yanaşı, kənddəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd olunub ki, bu ilin sonuna kimi rayonun daha 7 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək. Hazırda Alıc, Çılğır, Hacılar, Gəncəli, Qaraçı, Qədimalı Qışlaq, Hacıqurbanoba kəndlərinin qazlaşdırılması işləri həyata keçirilir.
Mərasimdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri və kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.