REGİONLAR
Xaçmaz rayonunun Qıraqlı və Xanlıqoba kəndlərinə ilk dəfə təbii qaz verilib VİDEO
Xaçmaz, 23 oktyabr, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Qıraqlı və Xanlıqoba kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Qıraqlı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu ilin əvvəlindən Qıraqlı və Xanlıqoba da daxil olmaqla, rayonun 12 kəndi qazlaşdırılıb. Bu kəndlərdə təbii qazla təmin olunan yeni abonentlərin sayı isə 2 minə yaxındır. Bununla yanaşı, hazırda qazlaşdırma işləri davam etdirilən daha 13 kəndin ilin sonuna kimi “mavi yanacaq”la təmin olunması nəzərdə tutulub. Bütün bu işlər isə respublikada həyata keçirilən siyasətin təməlində Azərbaycan vətəndaşının dayandığının təsdiqidir.
Qıraqlı kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə 2 min 28 metr polietilen və 7 min 480 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 121 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.
Rayonun Xanlıqoba kəndində isə 91 abonent bu gündən başlayaraq ilk dəfə təbii qazdan istifadə etmək imkanı qazanıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə 4 min 446 metr polietilen və 8 min 681 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Bütün mənzillərə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.