REGİONLAR
Xaçmaz sakini həyətyanı sahəsində 500 növdən çox dekorativ bitki becərir VİDEO
Xaçmaz, 25 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz sakini həyətyanı sahəsində 500 növdən çox dekorativ bitki, kol və ağac becərir.
AZƏRTAC xəbər verir ki, ixtisasca aqronom olan Qurban Həsənoğlu 15 ildən çoxdur dekorativ bitkilərə maraq göstərir. Onun bağı dekorativ bitkilərlə zəngin parkı xatırladır.
Təsərrüfatçı 10 sot ərazidə 100-dən çox dekorativ bitki, 60-a yaxın meyvə ağacı, 150 növdə dibçək və qızılgül kolları, həmçinin başqa bitkilər becərir. Bu bitkilərin çoxunu Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gətirib.
Q.Həsənoğlu bildirib ki, bu bağça onun mənəvi istirahət yeri olmaqla yanaşı, həm də gəlir mənbəyidir. Dekorativ bitkilərdən və güllərdən ən ucuzunun qiyməti 2 manatdır. Təsərrüfatdakı ən bahalı dekorativ ağac növü isə ağ şamdır. Bu ağacın təxminən 3-4 metr hündürlükdə olanı 10 min manata təklif edilir.
Təsərrüfatçı dekorativ bitkiləri becərməyin daha çətin olduğunu deyir. Bu ağacların ilin bütün fəsillərində əkilə bilməsi əsas üstün cəhətlərindəndir. Bitkilər əsasən toxum və tinglə çoxaldılır.
Bağban xaricdən gətirdiyi bitki növlərini artıraraq təsərrüfatını genişləndirmək niyyətindədir.