REGİONLAR
Xaçmaz sakininin həyətində aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanıb VİDEO
Xaçmaz, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində böyük həcmdə narkotik maddə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan rayon sakini Ceyhun Cəbrayılovun yaşadığı ünvana baxış keçirilib.
Ceyhun Cəbrayılovun yaşadığı evdən satış məqsədilə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, həyətindən xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 361 ədəd çətənə kolu aşkarlanıb. Aşkarlanan narkotik maddələr və çətənə bitkiləri qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı C.Cəbrayılov törədiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.