REGİONLAR
Xaçmaz və Quba məktəbliləri “Bilik günü”nü yeni məktəb binalarında qarşılayıblar VİDEO
Xaçmaz, 15 sentyabr , Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 15-də Xaçmaz və Qubada yeni məktəb binaları istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, “Bilik günü” Xaçmaz şəhərindəki Abumüslüm Səlimov adına 7 nömrəli tam orta məktəbin kollektivi əsil bayram sevinci yaşayıb. Məktəb üçün tikilmiş ikimərtəbəli, 360 yerlik müasir məktəb binası yeni dərs ilinin ilk günündə qapılarını müəllim və şagirdlərin üzünə açıb.
Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimə rayon rəhbərliyi, Milli Məclisin deputatı Eldəniz Səlimov, məktəb kollektivi və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
Mərasimdə bildirilib ki, dövlət vəsaiti hesabına inşa olunan yeni təhsil ocağında şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Burada fizika və kimya laboratoriyaları, informatika kabineti, idman və akt zalı, kitabxana, tibb otağı fəaliyyət göstərəcək. Məktəbin ərazisində yaradılan futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edəcək.
Müasir istilik sistemi ilə təchiz edilən yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub.
Diqqətə çatdırılıb ki, Xaçmaz rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq işlər görülüb. Son illər rayonda 40-dək məktəb binası tikilərək istifadəyə verilib.
Mərasimdə çıxış edən müəllimlər, valideynlər yeni məktəb binasının inşasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları təhsil ocağında yaradılan şəraitlə tanış olublar.
X X X
“Bilik günü” Qubanın rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən ucqar Əsparasti kəndinin sakinləri üçün də əlamətdar olub. Nurəddin Rzayev adına Əsparasti kənd tam orta məktəbinin şagirdləri də bu tədris ilindən yeni, müasir təhsil ocağında oxuyacaqlar.
AZƏRTAC xəbər verir ki, 180 yerlik yeni məktəb binasının açılış mərasiminə tədris ocağının kollektivi, kənd sakinləri ilə yanaşı, rayon rəhbərliyi, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri də qatılıblar.
Tədbirdə çıxış edənlər bildiriblər ki, respublikamızda geniş vüsət alan məktəb tikintisi Quba rayonundan da yan keçməyib. Son illərdə Azərbaycanın hər yerində yeni məktəb binalarının istifadəyə verilməsi ölkəmizdə təhsilin sürətlə inkişafının əsas göstəricilərindən biridir.
Bildirilib ki, yaxın günlərdə Quba rayonunun Məckəxacə, Çartəpə və Ərməki kəndlərində də yeni məktəb binalarının istifadəyə verilməsi nəzərdə tutulub.
Mərasimdən sonra təhsil ocağında yaradılan şəraitlə tanışlıq olub.