REGİONLAR
Xaçmaz və Şabran rayonlarının üç minə yaxın şagirdi biliklərini sınayıb
Xaçmaz, 11 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 11-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsində Xaçmaz və Şabran rayonlarının 2 min 810 şagirdi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2 min 112 məzun Xaçmaz, 698 məzun isə Şabran rayonunda yaradılan mərkəzlərdə imtahan verib. Buraxılış imtahanının birinci mərhələsi şimal bölgəsində altı mərkəzdə (Xaçmaz 6, Şabran 2) təşkil olunub.
İmtahan saat 11:00-da başlayıb və 13:30-dək davam edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-a bildirib ki, imtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İki rayon üzrə 248 nəzarətçi müəllim və 20 imtahan rəhbəri prosesin gedişini izləyib. İmtahanlar zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.
Ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi ölkəmizin 3 şəhərində və 24 rayonunda təşkil olunub.