REGİONLAR
Xaçmazda 1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binası əsaslı təmir olunur VİDEO
Xaçmaz, 7 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində 1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binası əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təmir-bərpa işlərinə iyul ayından başlanılıb.
1976-cı ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yaramırdı. Əsaslı təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.
Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Artıq binada söküntü işləri başa çatdırılıb. Hazırda suvaq işləri görülür, dam örtüyünün dəyişdirilməsi həyata keçirilir.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirib ki, binada əsaslı təmir işlərinin 2020-ci ilin mart ayına kimi başa çatdırılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin şagirdləri yeni tədris ilində müvəqqəti olaraq yaxınlıqdakı digər təhsil ocaqlarına yerləşdiriləcək.
Əsaslı təmir işləri başa çatdıqdan sonra məktəbdə 2 minə yaxın şagirdin təhsil alması üçün şərait yaradılacaq.
Xaçmaz şəhərində inşa olunan 432 şagird yerlik digər ikimərtəbəli məktəb binası isə yeni tədris ilində istifadəyə veriləcək. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina 30 sinif otağından ibarətdir.
Son üç ildə şimal bölgəsinin altı rayonunda 38 yeni məktəb binası tikilib. Bu məktəblərin 36-sı modul tipli məktəblərdir. Qarşıdakı illərdə regionda daha 55 məktəb binasının tikintisi nəzərdə tutulub. Bu təhsil ocaqlarından 50-si modul tipli məktəblər olacaq.