REGİONLAR
Xaçmazda 37 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib VİDEO
Xaçmaz, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini təmin etmək məqsədilə növbəti peyvəndləmə və müayinə işləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən 37 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib.
Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün idarənin bütün sahə baytarlıq məntəqəsinin baytar-həkimləri səfərbər olunub. Həm iri fermer, həm də fərdi təsərrüfatlarda vaksinasiya işləri görülür.
Ümumilikdə, Xaçmazın heyvandarlıq təsərrüfatlarında 40 min başa yaxın iribuynuzlu heyvanın peyvənd olunması nəzərdə tutulub.
Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Şirzad Mahmudov bildirib ki, rayonda xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir. Bu il ərzində rayonda heç bir təhlükəli infeksion xəstəlik aşkarlanmayıb.
Noyabr ayından rayonda xırdabuynuzlu heyvanların vaksinasiya olunmasına başlanılacaq. Xaçmaz rayonundakı təsərrüfatlarda 41 baş xırdabuynuzlu heyvan qeydiyyatdadır.
Baytarlar mal-qara sahiblərinə heyvanlarının peyvəndləmə və müayinədən kənarda qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə vaxtında müraciət etmələrini tövsiyə edirlər.