REGİONLAR
Xaçmazda 604 ailənin üzvlərinə ilk dəfə pay torpaq sahəsi verilib VİDEO
Xaçmaz, 24 may, Elxan Yusifli, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndi üzrə yerli sakinlərə pay torpaqları verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə bu yaşayış məntəqələrinin torpaq payı almaq hüququ olan əhalisinə 531,24 hektar torpaq sahələri ayrılıb.
Pay torpaqlarının verilməsindən öncə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birlikdə Müqtədir qəsəbəsi və Vələmir kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı müəyyənləşdirilib, dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ayrılıb. Bundan başqa, torpaq islahatının başa çatdırılması məqsədilə təsərrüfatın yerquruluşu layihəsi və pay torpaqlarının bölgü layihəsi tərtib edilib. İslahat nəticəsində ərazidə mövcud olan 604 ailədən ibarət 2 min 315 subyektin hər birinə 0,18 hektar pay torpaq sahəsi ayrılıb.
Bununla əlaqədar mayın 24-də Müqtədir qəsəbəsində təşkil olunan mərasimdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 7 mart tarixli müvafiq fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verməkdədir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən şəxslərə bu sahədə həyata keçirilən işlərin nəticəsi olaraq pay torpaqları ayrılır. Komitə tərəfindən torpaqların elektron kadastr uçotu sisteminin qurulması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində torpaqların naturada dəqiqləşdirmə işləri aparılıb, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası müəyyənləşdirilmiş bir sıra rayonlarda vətəndaşlara pay torpaqlarının verilməsi ilə əlaqədar məsələlər həll edilib.
Komitə tərəfindən Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər də təqdim olunub. Əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar ilkin olaraq 50-ə yaxın vətəndaşa verilib. Sakinlər bu sənədi heç bir yerə getmədən komitənin mobil ofisləri vasitəsilə elə pay torpaqlarında əldə ediblər.
Pay torpaqlarının onların yaşayış səviyyəsinin yaxşılaşmasına imkan verəcəyini qeyd edən sakinlər, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatları müsbət qarşıladıqlarını bildiriblər.
Bu səpgidən işlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Siyəzən rayonunun Dağquşçu, İmişli rayonunun Hacımustafalı kəndlərində də həyata keçirilib. Bu yaşayış məntəqələrində də uzun illərdən bəri torpaq payı almaq arzusunda olan insanlara torpaq payları ayrılıb.