REGİONLAR
Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşıb VİDEO
Bakı, 20 may, AZƏRTAC
Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunda yenidənqurma işləri artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 35,9 kilometr təşkil edir. Yol bir-neçə istiqamət üzrə yenidən qurulub. Bu, yolun 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7,7 kilometrdir.
Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 12 yaşayış mətəqəsinin əhalisi tam yeni və yüksəkkeyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edirlər. Layihəyə əsasən, sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. İki hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edir. Buraya 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.
Bundan başqa yolboyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib. Daha sonra yolun 200 min kvadratmetrdən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yolboyu 12 yaşayış məntəqəsində yaşayan 12 minədək əhalinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb. Çünki yolun yenidən qurulması ilə əhali istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat şəkildə gedib-gələ, yetişdirdikləri məhsulları xarab olmadan bazarlara çıxara bilirlər. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı daha da inkişaf edir.