REGİONLAR


Xaçmazda “Açıq əyləncəli futbol məktəbi” layihəsinə 150 uşaq və yeniyetmə qoşulub VİDEO

Xaçmaz, 5 dekabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazda təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində 150 uşaq və yeniyetmə iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və deputat İlham Əliyev çıxış edərək, ölkəmizdə idmanın inkişafından, eləcə də layihənin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu təsdiqləyir.

“Açıq əyləncəli futbol məktəbi” layihəsi uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsi ilə bir qədər dəyişmək, onların idmana, o cümlədən futbola marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır. Layihənin əsas prinsipi təkcə istedadlı futbolçular hazırlayıb təkmilləşdirməkdən ibarət deyil, həm də istedadlı uşaqları seçmək, onlarda olan bacarığı inkişaf etdirməkdir.

Diqqətə çatdırılıb ki, “Açıq əyləncəli futbol məktəbi” layihəsinə bu vaxta kimi 2 min 600-dən çox uşaq və yeniyetmə cəlb olunub.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları verilib. Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.