REGİONLAR


Xaçmazda Aşıq Ələsgərə həsr olunan poeziya məclisi keçirilib

Xaçmaz, 19 oktyabr , Elxan Yusifli, AZƏRTAC 

Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq sənətində dərin iz qoyub. Qədirbilən xalqımız ustad sənətkarı daim anacaq və onun yazdığı ölməz şeir nümunələri heç vaxt yaddaşlardan silinməyəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə Xaçmazda keçirilən Aşıq Ələsgərə həsr olunmuş poeziya məclisində bildirilib.

Məclis açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ərazisində ustad sənətkarın büstü qarşısında təşkil olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında bildirib ki, sakinlərinin və şəhərə gələn qonaqların ən sevimli məkanlarından olan Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. 2013-cü ildə burada aparılmış əsaslı tikinti-quruculuq işlərindən sonra sahəsi genişləndirilərək 2 hektara çatdırılıb. Şəxsiyyətlər Muzeyi ərazisində Azərbaycanın 59 nəfər tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstləri ucaldılıb.

Tədbirdə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Aşıq Ələsgərin nəvəsi Xətai Ələsgərov və başqaları çıxış edərək ustad aşığın yaradıcılığının bədii qüdrətindən, ölməzliyindən danışıblar. Bildirilib ki, dərin mənalı qoşmaları, təcnisləri, gəraylıları ilə bədii zövqün yüksək səviyyədə tərənnümçüsü olan Aşıq Ələsgər yaradıcılığı Azərbaycan aşıq sənətinin mənəvi xəzinəsinə daxil olub.

Aşıq Ələsgər bir böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirib. Onun əsərlərində Azərbaycan təbiəti, onun dağları, düzləri, çayları, gölləri, bulaqları, göy yaylaqları bütün ətri, təravəti və gözəlliyi ilə öz əksini tapıb.

Tədbirdə qeyd edilib ki, aşıq sənəti həm Azərbaycan xalq ədəbiyyatının, həm də ümumiyyətlə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Bu sənətin inkişafına həmişə dövlət qayğısı olub, aşıqlarımız, bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülüblər. Artıq aşıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub. Azərbaycan aşıq sənətinin UNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilməsi böyük uğurdur.

Məclisin sonunda bölgə aşıqları ustad aşığa həsr olunan saz havalarını ifa ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.