REGİONLAR
Xaçmazda Nizami Gəncəvi yaradıcılığını əks etdirən sərgi və kompozisiyalar təqdim olunub
Xaçmaz, 11 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin foyesində Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin Nizami Gəncəvi yaradıcılığını əks etdirən əl işləri nümayiş olunur.
Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan növbəti tədbirin iştirakçıları əvvəlcə sərgiyə baxıblar.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə ətraflı məlumat verilib, dahi Azərbaycan şairinin həyat və yaradıcılığından danışılıb.
Sonra Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri səhnədə musiqi nömrələri və Nizami Gəncəvinin yaradıcılığını özündə əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Şagirdlərin şairin qəzəllərindən ibarət kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.