CƏMİYYƏT


Xaçmazda “Qloballaşma və milli kimlik” mövzusunda tədbir keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Xaçmaz rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. Bu barədə AZƏRTAC-a Mənəvi Dəyərlərin Təbliği Fondundan məlumat verilib.

Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist ekspert Seymur Verdizadə, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzunun əhəmiyyətinə diqqət çəkərək bildirib ki, müasir dövrdə qloballaşma prosesində milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı, qloballaşmanın mənfi və müsbət cəhətlərinə diqqət yetirməliyik.

Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev deyib ki, bəşəriyyətin inkişafının müasir mərhələsində qloballaşma onun əsas məzmununu müəyyən edir. Bu prosesin əsas səbəblərini, təzahür formalarını, nəticələrini, müxtəlif aspektlərini aydınlaşdırmadan müasir dünyamızda baş verən sosial, iqtisadi, mədəni, geosiyasi və digər prosesləri düzgün anlamaq mümkün deyil. Qloballaşma prosesi nəticəsində cəmiyyətdə bir sıra dəyərlər ya itirilir, ya da yeniləri ilə əvəz olunur. Belə olan halda biz hər zaman tarixi köklərimizə hörmət hissi bəsləməli, milli kimliyimizi, mənəviyyatımızı aşınmalardan qorumalıyıq.

Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist ekspert Seymur Verdizadə bildirib ki, informasiya cəmiyyətində mövcud əsas problem məlumatın çoxluğu və yüksək sürətlə ötürülməsidir. Bu da öz növbəsində, insanı çaşqınlıq vəziyyətində saxlayır. Məhz mənəvi dəyərlərə arxalanan qloballaşma uğurla nəticələnə bilər.

Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.