REGİONLAR
Xaçmazda Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri və qazilərlə birlikdə qeyd olunub
Xaçmaz, 24 iyun, Elxan Yusifli, AZƏRTAC
26 İyun – Silahlı Qüvvələr Günü Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərlə birlikdə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində qonaqlar dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar. Sərgidə şəhid general-mayor Polad Həşimovun və xaçmazlı şəhidlərin portretləri nümayiş etdirilib.
Mərkəzin direktoru Könül Əsgərova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici şanlı səhifə yazdı. Otuz illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu. Azərbaycan xalqının əzmi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti bütün dünyaya nümayiş etdirildi.
Xaçmaz Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin müdiri Günay Məsimova ordumuzun yaradılmasının tarixi haqqında danışaraq, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissənin – əlahiddə Azərbaycan korpusunun yaradıldığını qeyd edib.
Vətən Müharibəsi iştirakçıları, ehtiyatda olan mayor Tariyel Didarov və Aydın Ağabalayev keçdikləri döyüş yolundan, ordumuzun döyüşlərdə hərb tarixinə gətirdiyi yeniliklərdən söz açıblar.
Tədbirin bədii hissəsində məktəblilərin ifasında “Gətirin bayrağımı”, “Əsgər qardaşım”, şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı”, xaçmazlı şair Məmməd Qədirin şəhidlərə həsr etdiyi şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda mahnılar oxunub.