REGİONLAR
Xaçmazda “Şuşa İli”nə həsr olunan konsert maraqla qarşılanıb
Xaçmaz, 20 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbi “Şuşa İli”nə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan konsertdən öncə iştirakçılar Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Konserti Xaçmaz Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının rəhbər şəxsləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.
Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Telnaz Adıgözəlova çıxış edərək Azərbaycan musiqisinin beşiyi Şuşanın düşməndən azad olunması, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülür, bir sıra tarixi-mədəni abidələr bərpa olunur. Bununla yanaşı, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilir.
Konsertdə Uşaq İncəsənət Məktəbinin xor kollektivinin çıxışı, xoreoqrafiya və musiqi şöbələrinin şagirdlərinin bir-birindən maraqlı rəqsləri və ifaları maraqla izlənilib.