REGİONLAR


Xaçmazda Vətən müharibəsi şəhidi Hüseyn Sultanovun xatirəsi anılıb VİDEO

Xaçmaz, 22 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda Vətən müharibəsi şəhidi Hüseyn Sultanovun şəhadətinin ildönümü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçünün Hacıqurbanoba kəndində keçirilən anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş və tələbə yoldaşları, ailə üzvləri, kənd sakinləri iştirak ediblər.

Mərasimdə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

Sultanov Hüseyn Fərhad oğlu 1996-cı il aprelin 26-da Xaçmaz rayonunun Hacıqurbanoba kəndində anadan olub. Hüseyn ailədə 3 qardaşın ən kiçiyi idi.

Hüseyn Sultanov Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsini müvəffəqiyyətlə bitirib. 24 yaşlı gənc dövlət qulluğuna qəbul imtahanlarında da uğurla iştirak edib. Amma Vətən müharibəsinin başlaması onun karyera arzularının ikinci plana keçməsi ilə nəticələnib. Səfərbərlik çağırışı əsasında cəbhəyə yollanan Hüseyn müharibənin ilk günlərindən döyüşlərə qoşulub və düşmənin məhv edilməsi zamanı fəallıq göstərib.

Hüseyn Cəbrayıl və Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Füzuli istiqamətində döyüşərkən mərminin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.