REGİONLAR
Xaçmazda Xəzər dənizi sahili boyunca 10 kilometr məsafə tullantılardan təmizlənib
Xaçmaz, 27 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 27-də Xaçmazda Xəzər dənizi sahili boyunca 10 kilometr ərazi tullantılardan təmizlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nabran turizm zonasında keçirilən iməcilikdə toplanılan zibil çeşidlənərək qablaşdırılıb və müvafiq qaydada ərazidən kənarlaşdırılıb.
Təmizlik aksiyasında nazirliyin 5 saylı şöbəsinin, Samur-Yalama Milli Parkının, yerli icra strukturlarının, ərazidəki turizm obyektlərinin əməkdaşları, gənclər və könüllülər iştirak edib.
Aksiya iştirakçısı Zakir Mövsümov bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırıb: "Bu gün Xəzər dənizi sahilini tullantılardan təmizlədik. Nabran - turizm zonasıdır. Bura həmişə təmiz olmalıdır. Çimərlik ərazisinin təmiz qalması üçün hər bir vətəndaş məsuliyyətli olmalı, yerə zibil atmamalıdır. Zibil atanlara qarşı ictimai qınaq olmalıdır".
Yüzdən çox vətəndaşın qatıldığı aksiya Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əhalini maarifləndirmək məqsədi daşıyır.