REGİONLAR
Xaçmazda Xəzər dənizi sahili boyunca 20 kilometr məsafə tullantılardan təmizlənib
Xaçmaz, 11 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 11-də Xaçmazda Xəzər dənizi sahili boyunca 20 kilometr məsafə tullantılardan təmizlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beynəlxalq Dəniz Günü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nabran turizm zonasında keçirilən iməcilikdə toplanılan zibil çeşidlənərək qablaşdırılıb və müvafiq qaydada ərazidən kənarlaşdırılıb.
Təmizlik aksiyasında nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin, Samur-Yalama Milli Parkının, yerli icra strukturlarının, ərazidəki turizm obyektlərinin əməkdaşları və könüllülər iştirak edib.
Yüzdən çox vətəndaşın qatıldığı aksiya Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əhalini maarifləndirmək məqsədi daşıyır.
2006-cı il avqustun 12-də Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust tarixi “Xəzər günü” kimi qeyd olunur.