REGİONLAR
Xaçmazda açılan sərgidə qədim tarixə malik 200-dək eksponat nümayiş etdirilir VİDEO
Xaçmaz, 21 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmazdakı Heydər Əliyev Mərkəzində milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi təbliğ edən "Tariximizi yaşadaq" adlı sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə milli baş örtüklərimiz, tikmələr, geyimlər, məişətdə istifadə olunan mis və saxsı qablar və ümumilikdə, qədim tarixə malik 200-ə yaxın eksponat nümayiş etdirilir.
Sərginin açılışında Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova və başqaları çıxış edərək sərginin əhəmiyyətindən, son illər ölkəmizdə mədəniyyət sahəsində əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, bu kimi tədbirlərin təşkili bölgənin zəngin etnoqrafiyasını gənc nəslə nümayiş etdirmək, milli dəyərlərimizi təbliğ etmək, adət-ənənələrimizi yaşatmaq və turizmin inkişafında mühüm əhəmiyyətə malikdir.
Tədbir iştirakçılarına Xaçmaz Mədəniyyət Mərkəzinin "Buta" folklor qrupunun musiqi və Xaçmaz Uşaq İncəsənət Məktəbinin şagirdlərinin rəqs nömrələri təqdim edilib.
Açılış mərasimindən sonra iştirakçılar sərgidə nümayiş etdirilən eksponatlarla tanış olublar.