REGİONLAR
Xaçmazda antisanitar şəraitdə daşınan və sağlamlığına dair heç bir sənədi olmayan at əti aşkarlanıb
Bakı, 8 iyun, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonun Çağacuq çayı ərazisində “Mercedes” markalı 99-DV-211 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan və sağlamlığına dair heç bir sənədi olmayan, sümükdən ayrılmış 250 kiloqram at əti aşkarlanıb.
Avtomobildə aşkar edilmiş 9 ədəd qara rəngli, insan qidası üçün nəzərdə tutulmayan polietilen torbaya yığılmış ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Araşdırmalar zamanı ətin Xaçmaz şəhəri, M.F.Axundov 94 ünvanında yaşayan Niçkur Musa İsa oğluna məxsus olduğu müəyyən edilib. Avtomobildə aşkar olunan at ətləri müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.
Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.