REGİONLAR


Xaçmazda aşkarlanan yararsız at ətləri zərərsizləşdirilib

Bakı, 12 iyun, AZƏRTAC

Xaçmazda aşkarlanan at ətlərinin müayinəsi başa çatıb və zərərsizləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 7-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonun Çağacuq çayı ərazisində saxlanılan “Mercedes” markalı 99-DV-211 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən onun yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan və sağlamlığına dair heç bir sənədi olmayan, sümükdən ayrılmış 250 kiloqram heyvan əti aşkar olunub. Aşkar edilən ətin qida üçün yararlığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələri başa çatıb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB) aşkarlanıb. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə həmin ətlərin keyfiyyətsiz at əti və insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Laboratoriyanın müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq, Xaçmaz şəhəri, M.F.Axundzadə küçəsi 94 ünvanında yaşayan Niçkur Musa İsa oğluna məxsus olan və müvəqqəti saxlama kamerasına yerləşdirilən, 9 ədəd qara rəngli, insan qidası üçün nəzərdə tutulmayan polietilen torbaya yığılan ümumi çəkisi 250 kiloqram olan sümüksüz at ətinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq sümüksüz at əti baytarlıq mütəxəssislərinin nəzarəti altında Xaçmaz rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.