REGİONLAR
Xaçmazda baş verən ağır qəzada ölənlərin sayı 3 nəfərə çatıb VİDEO
Xaçmaz, 19 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 18-də axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı üçə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Xaçmaz rayonunun Alıc kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı yük avtomobili “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər - Qubanın Nügədi kənd sakinləri, 1972-ci il təvəllüdlü Zülfüqar Şahbazov və 1994-cü il təvəllüdlü Rəşid Qasımov hadisə yerində həlak olub.
Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.
Qəza zamanı xəsarət alan Nügədi kənd sakinləri 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü İftixar Hacıyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq "VAZ 2106"-nın sürücüsü Elçin Əliyev də xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.