REGİONLAR
Xaçmazda bayram yarmarkasına 40 çeşiddə 12 ton məhsul çıxarılıb
Xaçmaz, 9 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində açılan bayram satış yarmarkasında ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 20-30 faiz ucuz təklif olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkaya 40 çeşiddə 12 tondan çox məhsul çıxarılıb.
Dövlətimizin başçısının tapşırığına əsasən xalqımızın ən əziz bayramı ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər, eləcə də alıcılar yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.
“Novruz bayramı ərəfəsində ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaranıb. Bazarda ətin bir kiloqramı 10-11 manatdır. Buradan 9 manatda aldım. Digər ərzaqlar da ucuzdur”, - deyə alıcı Mirzə Şahbazov bildirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, bayram satış yarmarkaları martın 16-dan etibarən gündəlik təşkil olunacaq.