REGİONLAR
Xaçmazda beş bağça əsaslı təmir olunur, biri isə yenidən tikilir VİDEO
Xaçmaz, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda beş körpələr evi-uşaq bağçası əsaslı təmir olunur, biri isə tamamilə yenidən tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusarçay kəndində əsaslı təmir olunan bağçada işlər yekunlaşmaq üzrədir. Binada yalnız daxili tərtibat, inventar və avadanlıqların quraşdırılması işləri qalıb.
Bağçanın müdiri Nahidə Səbzəliyeva bildirib ki, azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılır. Bağça körpələrin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunacaq.
1956-cı ildə istifadəyə verilən əvvəlki binada körpələrin təlim-tərbiyəsi ilə müasir tələblərə uyğun məşğul olmaq mümkün deyildi. Bundan başqa, binada mərkəzləşdirilmiş istilik sistemi də olmayıb. İyirmi yerlik bağçada yenidənqurma işləri çərçivəsində müasir standartlara uyğun dərs şəraiti yaradılır.
Bununla yanaşı, hazırda Xaçmaz şəhərində 3 və 6 saylı, həmçinin rayonun Həsənqala, Yalama kəndlərindəki uşaq bağçalarında da əsaslı təmir işləri aparılıb. Ağtala kəndində isə yeni bağçanın inşasına başlanılıb.