REGİONLAR


Xaçmazda çiyələk sahələrindən mövsümün ilk məhsulu yığılır - topdansatış qiyməti 2,5 manatdır

Xaçmaz, 17 may, Elxan Yusifli, AZƏRTAC

May ayının ikinci ongünlüyündən xaçmazlı təsərrüfatçılar çiyələk sahələrindən mövsümün ilk məhsulunu yığmağa başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli sort çiyələyin yığımı 20-25 gün davam edəcək. Əldə olunan məhsul əsasən yerli bazarlara çıxarılır.

Rayonun Rəhimoba kəndindən olan təsərrüfatçı Fəxrəddin Həsənov bildirib ki, bu il hava şəraiti ilə əlaqədar məhsuldarlıq aşağı olsa da, çiyələyin satış qiymətindən razıdırlar. Hazırda 1 kiloqram çiyələyin sahədə topdansatış qiyməti 2,5 manatdır.

“Məhsulun ölçüsü xarici sortlarla müqayisədə nisbətən kiçik olsa da, dadına görə hamı Xaçmaz çiyələyinə üstünlük verir. Həm yemək, həm də mürəbbə bişirmək üçün uyğundur. Yarım hektar sahədə çiyələk becəririk. Ümumilikdə, hər yığımda 100-150 kiloqrama yaxın çiyələk toplayırıq. Yerli sort çiyələyə tələbat çoxdur. Şirin və dadlıdır. Həm də açıq sahədə yalnız Günəş şüaları altında qızarıb, yetişir”, - deyə Fəxrəddin Həsənov söyləyib.

Xaçmazlı təsərrüfatçılar çiyələyin “Viktoriya” növünü becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi bu növün həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır.

Rayonda 100 hektardan çox çiyələk sahəsi var. Hər il bu sahələrdən 150 tondan çox məhsul toplanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.