REGİONLAR
Xaçmazda dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunub VİDEO
Xaçmaz, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Mərkəzi Kitabxanasında dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə açıq səma altındakı Şəxsiyyətlər muzeyində Nizami Gəncəvi yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
Tədbirdə kitabxananın direktoru Azad Əlifxanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev, “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur, “Xaçmaz” qəzetinin əməkdaşı Ələsgər Babayev, şair Mehrəli Quliyev və başqaları çıxış edərək, dahi Azərbaycan şairinin həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci il ölkədə “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə respublikanın hər yerində silsilə tədbirlər keçirilir.
Diqqətə çatdırılıb ki, Nizaminin lirikasından bu günümüzə gəlib çatan nümunələr şairin zəngin yaradıcılığının az hissəsini təşkil etsə də, bu əsərlərin ideya dərinliyi, bədii ifadə kamilliyi, təsir gücü etibarilə epik əsərləri ilə bir sırada dayanır. Dahi şairin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsindədir. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.