REGİONLAR
Xaçmazda dini radikalizmə qarşı mübarizə yolları müzakirə olunub
Xaçmaz, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 30-da Xaçmaz şəhərində dövlət qurumları, dini icmaların nümayəndələri və gənclərin iştirakı ilə keçirilən görüşdə regionda dini radikalizmə qarşı mübarizə yolları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq–Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə region gənclərinin rolunun artırılması” adlı layihə çərçivəsində təşkil edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri çıxış edərək, Azərbaycanda hökm sürən etnik və dini tolerantlığın dünyaya nümunə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur.
Sonra şimal bölgəsində həyata keçirilən layihə haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında gənclərin iştirakı ilə bir sıra tədbirlər keçiriləcək. Sentyabr ayından etibarən Quba şəhərində təlimlər başlayacaq. Təlimin yekununda gənclərə sertifikatlar təqdim olunacaq ki, bu da həmin gənclərin yaşadıqları ərazilərdə layihənin davamı kimi təbliğat aparmalarına kömək edəcək.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb.