REGİONLAR
Xaçmazda əlil və gənc rəssamların əsərlərindən ibarət sərgi təqdim olunub VİDEO
Xaçmaz, 11 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 11-də Xaçmaz Dövlət Rəsm Qalereyasında əlil və gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə “Əlil və gənc rəssamlar” Birliyinin üzvləri olan sənətkarların əl işləri nümayiş etdirilib. Qalereyaya gələnlər 8 rəssamın “Oğuz elindən bu günə” mövzusunda çəkdiyi 20-dən çox rəsm əsəri ilə tanış olublar.
Açılış mərasimində “Əlil və gənc rəssamlar” Birliyinin sədri Şəmsəddin Əliyev və başqaları çıxış edərək, sərginin əhəmiyyəti, nümayiş olunan əsərlər və müəlliflər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, əsas məqsəd əlil və gənc rəssamların əsərlərini tanıtmaq, eyni zamanda, regionlarda olan istedadları üzə çıxarmaqdan ibarətdir.
Sərgidə iştirak edən rəssamlar Xaçmaz Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları ilə təltif olunublar. Rəssamlar da, öz növbəsində, nümayiş olunan əl işlərini Xaçmaz Dövlət Rəsm Qalereyasına hədiyyə ediblər.
Tədbir çərçivəsində sərgidə nümayiş olunan sənət əsərlərinin satışı da təşkil olunub.
Bundan əvvəl belə sərgilər Bakı və Gəncə şəhərlərində, eləcə də Samux, Neftçala, Qusar və Tovuz rayonlarında keçirilib.