REGİONLAR
Xaçmazda əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin yaradıcılığa inteqrasiya imkanları genişləndirilir
Xaçmaz, 21 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz İcma Əsaslı Reabilitasiya Mərkəzində əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin yaradıcılığa və təhsilə inteqrasiya imkanlarının genişləndirilməsini nəzərdə tutan təlimlər keçirilir.
AZƏRTAC xəbər verir ki, əlilliyi və sağlamlıq imkanları məhdud olan uşaqların və onların valideynlərinin cəlb olunduğu layihə “Lira” Gənc İstedadlar Cəmiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır.
Təlimlər çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların kiçik matorik (əl biləyi və barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər) bacarıqlarının inkişaf etdirilməsinə, onlara əlavə bacarıqların qazandırılmasına, fiziki imkanlarının, məntiqi təfəkkürlərinin inkişafına, eləcə də əl işlərinin sərgilənməsinə imkan yaradacaq.
Təlimlərə bir sıra tanınmış ekspertlər, o cümlədən loqoped-difektoloq Dilarə Qəhrəmanova cəlb olunub.
Layihə çərçivəsində ümumilikdə 9 təlimin keçirilməsi nəzərdə tutulub.