REGİONLAR


Xaçmazda əmək yarmarkası: 1380 boş iş yeri, 2000 manatadək maaş

Xaçmaz, 23 may, Elxan Yusifli, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Xaçmazda keçirilən əmək yarmarkasında işaxtaranlara 200-dən çox peşəni əhatə edən 1380 boş iş yeri təklif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təklif edilən işlərdə əməkhaqqı 345-2000 manat aralığında olub.

Vakansiyalar 14 iqtisadi fəaliyyət növü üzrə olmaqla, regional əmək bazarının tələbatına uyğun olaraq turizm (14 müəssisə), kənd təsərrüfatı (11 müəssisə) və istehsal sahələri üzrə (3 müəssisə) çoxluq təşkil edib. Qalan müəssisələrin 3-ü səhiyyə, 2-si bank, 2-si tikinti, 2-si ticarət və 4-ü digər sahələrini əhatə edib.

Yarmarkada ən çox iş yeri turizm sektorunu təmsil edən şirkətlər tərəfindən təklif olunub. Bu sahə üzrə regionda 200-dən çox ofisianta, 123 aşpaz və aşpaz köməkçisinə, 90-dan çox təmizlikçi və xadiməyə, 32 nəfər qeydiyyatçıya, 30-dan çox kababçı və çayçıya, 27 barmenə, 20 belboya, 10 inzibatçıya, 18 administrator və administrator köməkçisinə ehtiyac var.

Kənd təsərrüfatı, xüsusilə bağçılıq sahəsi üzrə 300-dən çox vakansiya əmək yarmarkasına çıxarılıb. Yarmarkaya çıxarılan boş iş yerlərinin çoxu (160 vakansiya) bağ fəhləsi olmaqla yanaşı, aqronom, aqronom köməkçisi, budamaçı kimi əməyi yüksək qiymətləndirilən peşələr də var. Bu peşələrin sahiblərinə işəgötürənlər tərəfindən 600-1000 manat civarında əməkhaqqı təklif edilib.

Yarmarkada çox işçi tələb olunan sahələrdən biri də tikinti sahəsi olub. Bu sahədə işaxtaranlara 120-dək vakansiya təklif edilib. Tikinti sahəsində bənna, rəngsaz, kaşı düzən usta, tikinti fəhləsi və tikinti sahəsi üzrə müxtəlif texnikaların sürücüləri və operatorları tələb olunur. Tikinti sahəsi üzrə ixtisaslı və təcrübəli sürücü və müxtəlif texnikaların operatorlarına başlanğıc üçün minimum 600-900 manat əməkhaqqı təklif edilib.

Təqdim olunan iş yerlərinin 89-u ali və orta ixtisas, 1291-i orta və peşə təhsili tələb edən vakansiyalar olub.

Əmək yarmarkasında işaxtaranlara yüksək əməkhaqqı ilə Şuşa şəhərində və işğaldan azad edilmiş digər regionlarda iş imkanları da təklif edilib. Aparılan quruculuq işləri əlaqədar rəngsaz, tikinti fəhləsi, kaşı düzən usta peşələri üzrə yüksək əməkhaqqı ilə vakansiya təklif olunub.

İşəgötürənlərə namizədlərin CV-ləri əsasında ilkin uyğunluğu müəyyən edilən namizədlərlə görüş üçün şərait yaradılıb.

Tədbir təkcə vakansiyaların təklif edilməsi ilə deyil, bir çox məşğulluq xidmətlərinin işsiz və işaxtaranlara təklif edilməsi ilə də əhatələnib. Tədbir çərçivəsində Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsasında təşkil edilən “Vogue Group” MMC-nin “Ofisiant” peşə kursunun açılışı olub. Kursu bitirdikdən sonra işlə təmin ediləcək müdavimlər təhsil aldıqları dövrdə minimum əməkhaqqı miqdarında təqaüdlə təmin olunacaqlar. Eyni zamanda, filialın göndərişi əsasında Azərbaycan Elmi Tədqiqat Meyvəçilik və Çayçılıq İnstitutunun bazasında "Şitilçilik, toxumçuluq, tingçilik mütəxəssisi" kursunu bitirən 11 müdavimə sertifikatlar təqdim edilib. Kursu bitirmiş müdavimlərdən 9 nəfəri artıq işlə təmin olunub.

Əmək yarmarkasında peşə hazırlığını həyata keçirən tədris müəssisələrinin nümayəndələri də iştirak edərək, birbaşa müsahibə təşkil etməklə özlərinə uyğun namizədləri seçmə və kursa cəlb etmə imkanı qazanıblar. Belə ki, 3 peşə təhsili müəssisəsi regional və milli əmək bazarında aktual olan peşələr üzrə peşə hazırlığına müraciət edən şəxslərin (xüsusilə gənclər) müraciətlərini yerində qəbul edib. Uyğun hesab edilən namizədlərin seçdikləri peşələr üzrə kurslara cəlb edilməsi barədə qərar verilib.

Tədbirdə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işaxtaran şəxslərə iş yerlərinə göndəriş verilib, işsiz və işaxtaran şəxslər peşə seçiminə istiqamətləndirilib, onlara karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilib, peşə hazırlığına, haqqı ödənilən ictimai işlərə cəlb edilməsi və digər məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərə məşğulluğunun təmin olunması istiqamətində xidmətlər göstərilib.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.