CƏMİYYƏT
Xaçmazda evə basqın edən şəxslər yaxalanıb
Bakı, 8 iyun, AZƏRTAC
Naməlum şəxs Xaçmaz rayonunun Hülövlu kənd sakini Məsumə Qasımovanın evinə girərək onun boynuna bıçaq dirəyib, pul və qızıl-zinət əşyaları tələb edib. Qadın qışqıraraq qonşulardan kömək istədiyindən həmin şəxs masanın üstündəki mobil telefonu götürüb qaçıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verilib.
Yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerində olarkən zərərçəkmişlə və qonşuluqda yaşayanlarla söhbətlər aparılıb. Ev sahibəsinin istintaqa verdiyi ilkin ifadədən aydın olub ki, hadisəni törədən şəxs tanınmaması üçün ağzını ağ mələfə ilə bağlayıb, başına idman papağı keçirib. Lakin qadın çox qorxmasına baxmayaraq, hadisəni törədənin bəzi əlamətlərini yadında saxlaya bilib.
Polislər evin yaxınlığında əkin sahəsinin kənarındakı yarımtikilidə yeni çəkilmiş siqaret kötükləri və iki ədəd boş şirə şüşəsi aşkarlayıblar. Onlar lazımi qaydada qablaşdırılıb digər dəlillərlə birlikdə ekspertizaya göndərilib.
Zərərçəkənin hücum edən şəxsin əlamətləri barədə söylədikləri polisin köməyinə çatıb. Bu əlamətlər şahid ifadələrinə əsasən, rayonda əvvəllər baş vermiş iki mənzil və iki mağaza oğurluğunu da törətməkdə şübhəli bilinən şəxsin görünüşü ilə üst-üstə düşüb. Baş vermiş hadisələrdə əsas diqqət çəkənlər əvvəllər məhkumluq həyatı yaşamış Vüqar Sadıqovun və Taleh Cavadovun şübhəli şəxs qismində polisdə ifadələri alınıb. Tutarlı dəlil-sübutlar qarşısında, nəhayət, törətdikləri əməlləri etiraf edərək bildiriblər ki, həbsdən çıxandan sonra heç bir faydalı işlə məşğul olmayıblar. Yuxarıda qeyd edilən oğurluqları törədəndən sonra isə polisin onları axtardığını biliblər və bir müddət gizlənmək məqsədilə Hülövlü kəndində qalıblar. Bir neçə gün kimsənin diqqətini çəkməyən yarımtikilidə qalıblar. Ərzaq və pul qurtaranda bu hadisəni törədiblər.