REGİONLAR
Xaçmazda futbol üzrə rayon turnirinin qalibi müəyyənləşib VİDEO
Xaçmaz, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda futbol üzrə rayon turnirinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Xaçmaz rayonunda keçirilən futbol üzrə rayon turnirində bələdiyyələri təmsil edən 20 komanda mübarizə aparıb.
Rayon icra hakimiyyətinin Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi birinciliyin final qarşılaşmasında Qıraqlı və Qımıl bələdiyyələrinin komandaları üz-üzə gəlib.
Final qarşılaşmasını Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, futbol azarkeşləri izləyiblər.
Oyunda 1-0 hesabı ilə qalib gələn Qımıl bələdiyyəsinin komandası turnirin çempionu adını qazanıb. İkinci yeri Qıraqlı, üçüncü yer isə Ləcət bələdiyyələrinin təmsilçiləri tutublar.
Oyundan sonra qaliblərin təntənəli mükafatlandırma mərasimi təşkil olunub.
Qaliblər Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və həvəsləndirici pul mükafatı ilə təltif edilib.