REGİONLAR


Xaçmazda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin abidəsinin və “Saatlar qülləsi”nin açılışı olub VİDEO

Xaçmaz, 10 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 10-da Xaçmaz şəhərindəki “Çənlibel” parkında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsinin və yeni inşa olunan 35 metr hündürlükdəki “Saatlar qülləsi”nin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə təsadüf edən açılış mərasimində Xaçmaz sakinlərinə konsert proqramı təqdim edilib.

Şəhərin girişində yerləşən səkkizmərtəbəli qüllə “Çənlibel” parkına əlavə gözəllik verir. Qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək.

Qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarına veriləcək. Yuxarı mərtəbələr isə şəhəri müşahidə etmək üçün nəzərdə tutulub. Parkda dincələnlər burada quraşdırılan durbinlər vasitəsilə uzaq məsafədə yerləşən mənzərələri də seyr edə biləcəklər. Qüllənin başında isə hər tərəfdən görünən 4 saat quraşdırılıb.

“Saatlar qülləsi”nin qarşısında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli qoyulub. Abidə Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar ucaldılıb.

“Çənlibel” parkı Xaçmaz şəhərinin giriş hissəsində yerləşdiyindən buranı yerli sakinlərlə yanaşı, çoxsaylı turistlər də ziyarət edir. Altı hektara yaxın ərazisi olan parkda xalq qəhrəmanı Koroğlunun at üstündə heykəli ucaldılıb. Burada çoxsaylı əyləncə və iaşə obyekti də fəaliyyət göstərir.

Xaçmazı bu gün parklar və muzeylər şəhəri adlandırırlar. Ötən dövrdə rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.