REGİONLAR
Xaçmazda güclü küləyin elektrik təsərrüfatında yaratdığı problem aradan qaldırılıb
Xaçmaz, 16 yanvar, Elxan Yusifli, AZƏRTAC
Güclü küləyin Xaçmaz rayonunun elektrik təsərrüfatında yaratdığı fəsadlar tam aradan qaldırılıb.
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa olunub. “Güclü külək Xaçmazın elektrik təsərrüfatında ciddi fəsadlar törətmişdi. “Azərişıq” ASC-nin yerli qurumlarının əməkdaşları fəsadların aradan qaldırılması üçün səfərbər edildi. Briqadalar gecə və gündüz saatlarında ərazilərdə olub, gücləndirilmiş iş rejimində çalışıblar. Yanvarın 15-də bütün kəndlərə enerjinin verilişi bərpa olundu”, - deyə Anar Oruclu bildirib.
Qeyd edək ki, yanvarın 13-də əsən güclü külək səbəbindən Xaçmaz rayonunun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Rayon mərkəzində və 94 kənddə elektrik enerjisinin verilişi kəsilmiş, 17 min 300 abonent işıqsız qalmışdı.