ELM VƏ TƏHSİL
Xaçmazda informatika fənni üzrə bilik yarışı keçirilmişdir
Xaçmaz, 9 fevral (AZƏRTAC). Xaçmazda ümumtəhsil məktəblərinin I-IV və V-VIII sinif şagirdləri arasında informatika fənni üzrə bilik yarışı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bilik yarışı Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya ili” elan edilməsi və dünya şöhrətli alim Lütfi Zadənin 92 illiyi münasibətilə rayon təhsil şöbəsinin təşəbbüsü ilə təşkil edilmişdir.
Müsabiqənin əsas məqsədi məktəblilərin informatika fənninə marağını artırmaq və bu sahədə qabiliyyəti olan istedadlı şagirdləri üzə çıxarmaqdan ibarət olmuşdur.
Mehman Babayev adına şəhər 1 nömrəli tam orta məktəbində təşkil edilmiş bilik yarışında 32 təhsil müəssisəsindən 50-yə yaxın şagird iştirak etmişdir.
Müsabiqə fərdi qaydada, iki mərhələdə keçirilmiş, qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunmuşdur.
Bilik yarışının qalibləri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.