CƏMİYYƏT
Xaçmazda insan alveri ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
İnsan alveri ilə məşğul olan cinayətkarlar yalançı nikahlardan da istifadə edirlər. Əksər hallarda insan alverinin qurbanları öz qohumları, qonşuları və rəfiqələri tərəfindən aldadılaraq tora salınır, çünki həmin prosesdə psixoloji məqamlar da əsas rol oynayır.
Bu barədə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin Xaçmaz rayonunda insan alveri ilə əlaqədar təşkil etdiyi maarifləndirmə tədbirində danışılıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Şıxəliyeva rayonda insan alveri ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə aparılan əməkdaşlığı yüksək qiymətləndirərək müxtəlif qurumların birgə fəaliyyətinin vacibliyini qeyd edib.
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova layihə haqqında geniş məlumat verərək bildirib ki, insan alveri ilə əlaqədar maarifləndirmə fəaliyyəti çərçivəsində müxtəlif aksiyalar keçirilib, bukletlər, yaddaş kitabçaları hazırlanıb və eyni zamanda hüquqi yardımlar göstərilib. Təşkilat rəhbəri insan alveri, eləcə də onun potensial qurbanları haqqında da məlumat verib.
Sədr insan alverinin qurbanı olanların həyat hekayələri haqqında bəzi məqamları görüş iştirakçılarına çatdırıb, onunla məşğul olan mütəşəkkil cinayətkar qrupların həyata keçirdiyi müxtəlif metodlar haqqında geniş informasiya verib. Prosesdə yalançı evliliklərdən istifadə edilərək “həyat yoldaşı” tərəfindən xanımının cinsi istismara cəlb olunduğu barədə faktların da mövcud olduğunu açıqlayıb.
İctimai Birliyin insan alveri ilə əlaqədar hazırladığı yaddaş kitabçaları iştirakçılara təqdim olunub.
Təşkilat rəhbəri əlavə edib ki, insan alveri dedikdə cinsi istismarla yanaşı, məcburi əməyə cəlb edilmə də başa düşülür. Bununla da bağlı Azərbaycanda faktlar mövcuddur.
Xaçmaz rayon Polis Şöbəsinin polis leytenantı Emin Nəhmətov bu sahədə rayonda görülən tədbirlərdən danışıb və qeyd edib ki, insan alverinə qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, hər bir vətəndaşın dəstəyi həlledici və mühümdür.
Daha sonra görüş iştirakçılarını maraqlandıran məsələlər barədə onlara əlavə informasiya verilib.