CƏMİYYƏT
Xaçmazda istifadəyə yararsız 330 kiloqram at əti aşkarlanıb
Bakı, 10 aprel, AZƏRTAC
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir aprelin 9-da Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhəri ərazisində keçirilib.
Şəhər sakini B.Qanbayevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan 330 kiloqram at əti aşkarlanaraq götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.