REGİONLAR
Xaçmazda karantin qaydalarına riayət edilməsinə ciddi nəzarət olunur VİDEO
Xaçmaz, 7 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə, eləcə də çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarət edirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi bildirilir.
Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib. Reyd zamanı bir neçə sakinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.
Bundan əlavə, DYP bölməsinin əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan taksi sürücüləri ilə də profilaktiki söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləsdirməyi bildiriblər.