REGİONLAR
Xaçmazda keçirilən “Kitab bayramı”nda 3 mindən çox kitab nümayiş etdirilib VİDEO
Xaçmaz, 18 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 18-də Xaçmaz şəhərindəki “Fəvvarələr bağı”nda təşkil olunan ənənəvi “Kitab bayramı”nda 3 mindən çox kitab nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin mərkəzləşdirilmiş kitabxanalar sisteminin birgə təşkilatçılığı ilə keçirilib. “Kitab bayramı”nda rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri, məktəblilər iştirak ediblər.
Xaçmaz rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Azad Əlifxanov AZƏRTAC-a bildirib ki, ənənəvi “Kitab bayramı”nın keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdən ibarət olub.
“Kitab bayramı”nda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qarabağ münaqişəsindən bəhs edən, eləcə də Azərbaycan folkloruna, xarici yazıçılara aid kitablar oxucular tərəfindən maraqla qarşılanıb.
Tədbirdə məktəblilərin ifasında kitablara həsr olunmuş bədii kompozisiya təqdim edilib.