REGİONLAR
Xaçmazda mağazalardan 15 min manat pul oğurlayan şəxs saxlanılıb
Xaçmaz, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları cari ilin fevral-mart aylarında rayonun Qobuqıraq və Çinartala kəndləri ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Taleh Məmmədov olduğu müəyyən edilib.
Dindirilmə zamanı T.Məmmədov törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs kəndlərdə yerləşən üç mağazaya qanunsuz daxil olaraq kassalardan, ümumilikdə, 12 min 999 manat pul, 1200 manat dəyərində danışıq kartları və 452 manat dəyərində tütün məmulatları, həmçinin həmin mağazaların birində quraşdırılan ödəmə terminalını qıraraq içərisində olan 2 min manatdan çox pulu oğurlayıb.
Faktlarla bağlı Taleh Məmmədov barəsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.