REGİONLAR
Xaçmazda məktəblərin qızdırılması üçün 600 kubmetr odun ayrılıb
Xaçmaz, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda məktəblərin qızdırılması üçün 600 kubmetr odun ayrılıb.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda odunla qızdırılan məktəblərin 60 faizi artıq bu yanacaq növü ilə təmin edilib. Digər təhsil ocaqlarına da qısa müddətdə odun paylanacaq.
Regiondakı məktəblərin əksəriyyətində mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bəzi təhsil müəssisəsində isə fərdi qaz sobaları və kombi sistemi quraşdırılıb. Qış fəslində bu məktəblərin qızdırılmasında heç bir çətinlik yaşanmayacaq.
Son illərdə rayonda yeni modul tipli məktəblər istifadəyə verildiyindən odunla qızdırılan təhsil ocaqlarının sayı azalıb. Bununla belə, bu il məktəblərə ayrılan odunun həcmi də artırılıb. Yanacaq kimi odundan istifadə olunan bir sıra təhsil ocaqları yeni sobalarla təmin edilib.
Hava şəraitinin mülayim keçməsi yanacaq təminatını vaxtında yerinə yetirməyə imkan verir.
Şimal bölgəsində soyuq hava şəraiti səbəbindən bəzi ucqar kəndlərdə yerləşən məktəblərdə sobalar işə tez salınır. Lakin, ümumilikdə, təhsil müəssisələrinin qış mövsümünə noyabr ayının ikinci ongünlüyündən keçməsi nəzərdə tutulub.